+1 səs
171 baxış

Biz neçə nəfərik və harada yaşayiriq?

1 cavab var:

+1 səs
 

2007-ci il yanvarın 1 -də, Qrinviç vaxtı ilə saat OOoo-da, Alman Əhali Artımı Fondunun məlumatına görə dünya əhalisinin sayı təqribən 6,6 milyard, daha dəqiq isə 6 milyard 589 milyon 115 min 982 nəfər (çox güman ki, bu dəqiqlik nisbidir) olmuşdur. Həmin fondun digər məlumatına görə hər saniyə 2,6 uşaq dünyaya göz açır. Deməli, həftədə 1,5 milyon, ildə isə təqribən Almaniya kimi ölkənin əhalisinin sayı qədər - 80 milyondan çox insan doğulur.

Dünya əhalisinin yarıdan çoxu Asiyada yaşayır. Burada dünya əhalisinin ən çox olan ölkələri - Çin (təqribən 1 milyard 300 milyon nəfər) və Hindistan (təqribən 1 milyard 50 milyon nəfər) yerləşir. Əhalinin sayına görə üçüncü yerdə ABŞ (təqribən 290 milyon nəfər), sonra isə İndoneziya (təqribən 225 milyon nəfər), Braziliya (təqribən 175 milyon nəfər) və Pakistan (təqribən 170 milyon nəfər) durur. Rusiya Federasiyası 2007-ci ildə əhalinin sayına görə dünyada yeddinci (təqribən 145 milyon nəfər), sahəsinə görə isə birinci yeri tutur. Sonrakı yerlərdə Nigeriya (təqribən 144 milyon nəfər), Banqladeş (təqribən 130 milyon nəfər) və Yaponiya (təqribən 126 milyon nəfər) dayanır. Beləliklə, Yer kürəsi əhalisinin 3/5 hissəsi sayına görə dünyanın on böyük ölkəsində cəmlənmişdir. Bu nəhəng ölkələrlə yanaşı, çuldan ölkələr də mövcuddur. Məsələn, San- Marino (23 min nəfər) və Monako (30 min nəfər).

2005-ci ildə Azərbaycanda əhalinin sayı 8,4 milyona yaxın olmuşdur. Onların 4,4 milyonunu şəhər əhalisi, 4 milyonunu isə kənd əhalisi təşkil edir. 

Dünya əhalisi kəmiyyət və keyfiyyət baxımından daim dəyişir. Təbii artım hesabına əhali çoxalır, nəsillər dəyişir, miqrasiya nəticəsində bir yerdən başqa yerə köçürlər. Əhalinin dəyişməsilə bağlı prosesləri öyrənən xüsusi elm demoqrafiya (yun. “demos” - xalq və “qrafo” - yazıram) adlanır. Əhalinin təbii artımı doğum və ölüm proseslərinin məcmusudur. Doğum və ölüm - bu, hər min nəfər əhaliyə düşən doğulan və ölənlərin say hesabıdır. Təbii artım onların fərqidir - bu, həm müsbət, həm də mənfi ola bilər. Dünyada istər bütövlükdə, istərsə də ayrı-ayrı regionlar üzrə təbii artımın kəmiyyətinə səhiyyənin inkişafı, həyat tərzinin və mədəniyyətin səviyyəsi, əhalinin yaş və cins tərkibinin xüsusiyyətləri, qadınların ictimai istehsalatda iştiraketmə dərəcəsi, milli və dini ənənələr təsir göstərir.

Bir çox minilliklər ərzində dünya əhalisinin sayı və artım sürəti çox aşağı olmuşdur. Şərti olaraq hesab edilir ki, təqribən 10 min il bundan əvvəl dünyada yalnız 3 milyon nəfər indiki məskunlaşma ərazilərinin 1/3-də yaşayırdı. Yeni eranın əvvəlində dünyada artıq 230 milyon nəfər var idi ki, bunun da təqribən 2/3-si Asiyada məskunlaşmışdı. Növbəti minillik ərzində dünya əhalisinin sayı, demək olar ki, dəyişməmiş və təqribən 238 milyon olmuşdu. Bu onunla izah edilir ki, baş vermiş sonsuz müharibələrdə insanların kütləvi şəkildə həlak olması, minlərlə insan həyatına son qoyan xəstəliklər və aclıq nəticəsində ölüm halları çox yüksək idi. Bu ona gətirib çıxarmışdı ki, doğumla ölüm arasındakı nisbət təxminən bərabərləşmişdi.

Kapitalizmin inkişafı, həyat şəraitinin səviyyəsinin yaxşılaşması və artması nəticəsində əhalinin artım sürəti xeyli yüksəldi. Amerika və Avstraliyada əhalinin sayı yaxşı həyat şəraiti axtarmaq məqsədilə oraya köçən avropalıların hesabına artırdı. Lakin əhalinin əksər hissəsi, hazırda olduğu kimi, yenə də Asiyada yaşayırdı.

Əhalinin artımı İkinci Dünya müharibəsindən sonra, XX əsrin 50-60-cı illərində daha da sürətləndi. Bu onunla izah olunurdu ki, kütləvi şəkildə insanların məhvinə əvvəllər səbəb olan keçici və ağır xəstəliklərə qarşı müxtəlif dərmanlar, xüsusilə də penisillin və digər antibiotiklər kəşf edilmişdi. Nəticədə ölüm halları xeyli azalmışdı. Doğum isə bu dövrdə aşağı düşmürdü. 1960-cı ildə dünya əhalisinin sayı 3 milyard, 1975-ci ildə isə 4 milyarda yaxın oldu. 1960-1980-ci illərdə əhalinin artım sürəti kəskin yüksələrək, ildə təqribən 2% təşkil etdi. Bu hadisə demoqrafik partlayış adını aldı. Lakin hazırda onun pik səviyyəsi (1998-ci ildə 87 mln) aşağı enmiş və illik artım 1,5%-ə enmişdir. 1987-ci il iyulun 11-də BMT 5 milyardıncı sakinin dünyaya gəldiyini elan etdi. 2007-ci ildə isə əhalinin sayı qeyd etdiyimiz kimi 6,6 milyarddan çox idi.

Əhalinin ən yüksək təbii artımı inkişaf etməkdə olan ölkələrə xasdır. Asiya, Afrika və Latın Amerikası ölkələrində illik təbii artım 1,7%-dir. Dünya üzrə təbii artımın 90%-i bu ölkələrin payına düşür. Dünya əhalisinin ümumi artımında onların rolu əhəmiyyətli dərəcədə çoxdur.

Bir sıra inkişaf etmiş ölkələrdə, xüsusilə də Avropa və Amerikada əhalinin təbii artımı aşağı düşmüş, bəzi ölkələrdə isə tamamilə dayanmışdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə illik artım sürəti yalnız 0,3% təşkil etmişdir. Bir çox ölkələrdə isə, ilk növbədə, Şərqi Avropada (Rusiya, Bolqarıstan, Macarıstan və Rumıniyada) ölümün doğumdan üstün olması nəticəsində təbii artım mənfi olmuşdur.

Bütünlükdə, XX əsrdə əhalinin təbii artımı 60-cı illərin sonlarına qədər yüksək sürətlə artmış, sonrakı illərdə isə əhəmiyyətli dərəcədə aşağı enmişdir. BMT demoqraflannın proqnozuna əsasən XXI əsrin ikinci onilliyindən sonra inkişaf etmiş ölkələrdə təbii artım praktik olaraq dayanacaqdır. İnkişaf etməkdə olan ölkələrdə isə aşağı düşərək, XX yüzilliyin 60-cı illəri səviyyəsinə enəcəkdir. Bu qayda ilə dünya əhalisinin sayı 8-12 milyard arasında sabitləşəcəkdir. Hazırkı dövrdə dünyada təbii artım hər 1000 nəfərə 15 nəfər təşkil edərək, regionlar üzrə belə paylanmışdır: Avropada - 0 (artım yoxdur), Şimali Amerikada - 6, Latın Amerikasında və Asiyada - 18, Afrikada isə 26 nəfər.

Hazırda dünyada ənənəvi demoqrafik artım tipindən (yüksək doğum, yüksək ölüm) müasir tipə (aşağı doğum, aşağı ölüm) keçid müşahidə edilir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
+2 səs
3 cavab
soruşub 25 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
...