Atmosferin ən cazibədar optik hadisələrindən biri də qütb parıltısıdır. Bu hadisəni yüksək enliklərdə, Yerin maqnit qütblərinə yaxın sahələrdə müşahidə etmək olar. Nadir hallarda bu hadisə digər yaxın enliklərdə də qeydə alınır. Qütb parıltıları müxtəlif formalarda üzə çıxır. Qurşaq, qövs, lentvari şüalar axımı, tac və s. çox vaxt isə göydən asılmış teatr pərdəsi şəklində diqqəti cəlb edir. Qütb parıltıları fasiləsiz formasını dəyişir: yığılır, sıxılır, açılır, salxımlanır, enir, qalxır və s. Mənzərələr aramsız bir-birini əvəz edir. Parıltının rəngləri müxtəlifdir: ağ-mavi, ağ-qırmızıvari, bənövşəyi. Bəzən qütb parıltıları rəng çalarlarının müxtəlifliyinə görə rəngarəng ipək parçanı xatırladır. Lakin ən çox mavi-ağ rəng çalarlı parıltılar diqqəti cəlb edir. Rəngarəng parıltılar az müşahidə edilir.
Qütb parıltılarının əsas səbəbi yüklənmiş günəş şüaları axımı ilə Yerin maqnit qütblərinin qarşılıqlı təsirləridir. Bu proses atmosferdə 60 m-dən 200-300 km-ə, bəzən isə 1000 km-ə yaxın hündürlüklərdə yaranır. Qütb parıltısı həmişə Günəş aktivliyinin artdığı vaxtlarda baş verir. Eksperimentlər nəticəsində müəyyən edilmişdir ki, atmosferdə xüsusi birləşmələrin, bərk tullantılann miqdarı artdıqca qütb parıltıları prosesi də sürətlənir. Əgər belə tullantılar zəruri hündürlükdə toplana bilərsə, günəş aktivliyi olmadıqda belə, süni qütb parıltıları baş verə bilər.