+1 səs
98 baxış

Yerin daxili quruluşu

1 cavab var:

0 səs
 

Yerin dərinlikləri bizi əhatə edən kosmosdan daha sirli və əlçatmaz bir dünyadır. Lakin bizim planetin yalnız üst qatını bilavasitə müşahidə etmək mümkündür. Ən dərin şaxta təqribən 4 km-ə çatır, ən dərin quyu isə 11 km-dən bir qədər dərindir. Yer heç də yekcins monolit deyildir. Məlumdur ki, onun təki bir neçə min dərəcə temperatura qədər qızıb və böyük hissəsi ərimiş halda və ya ona yaxın sıyıq vəziyyətdədir.

Yerin "rüşeyminin" qaynar qaz və yaxud yapışmış hissəciklərin soyuq topası olması məlum deyil. Lakin aydındır ki, planetin təki bir neçə min dərəcə temperatura malikdir. Burada maddələrin qızdırılmasına sərf olunan daxili enerjinin mənbəyi elementlərin radioaktiv parçalanmasıdır. Yer, milyard illər ərzində əsas komponentlərin əridildiyi nəhəng domna sobasını xatırladır. Öz fiziki xüsusiyyətlərinə uyğun yerləşərək, onlar planetin qatlarını - bir sıra geosferləri yaradıblar. Yerin əmələ gəlməsinin tarixi onun təbəqələrinin yaranması tarixidir. Onların hər biri öz xüsusi çəkisinə, kimyəvi və mineraloji tərkibinə malikdir. Hər birinin xüsusi səciyyəvi fiziki xassələri vardır.

Nə qədər ziddiyyətli olsa da, Yer daş deyil, əsasən, metallardan ibarət bir planetdir. Onun nəhəng nüvəsi 98% dəmir-nikel qarışığından ibarətdir. Bu nəticəyə geofiziklər güclü zəlzələlərdən sonra Yerin gövdəsindən keçən seysmik dalğaların öyrənilməsi əsasında gəlmişlər. Bunun dolayı sübutlarını meteoritlər verir: daş və dəmir meteoritlər arasındakı miqdar nisbəti təqribən Yerin digər təbəqələri ilə (onların tərkibi daş materialına yaxındır) nüvə arasındakı nisbətə bərabərdir.

Yerin nüvəsi 2500-3000°C-yə qədər qızıb və yüksək sıxlığa malikdir: yuxarı hissələrdə (2900 km dərinlikdə) bu, 10 q/sm3 və planetin mərkəzində 13,6 q/sm3-dir. Nüvənin xarici zonası (2900 km-dən 5150 km-ə qədər dərinlikdə) maye vəziyyətindədir. Daxili nüvə, çox ehtimal ki, bərkdir, çünki yuxarı qatların təzyiqi çox böyükdür.

Görünür ki, materiyanın ilkin toplusunda - Yerin "rüşeymində" belə nüvə olmayıb. O çox sonralar planetdəki maddələrin uzunmüddətli (milyard illər ərzində) əriməsi nəticəsində əmələ gəlmişdir.

Nüvənin ətrafında onun dəmir-nikel qarışığının əridilməsindən sonra qalmış çox yüngül maddələr - özünəməxsus "şlaklar" toplandı. Bu "şlaklar" planetin xarici təbəqələrini yaratdı. Onlar, əsasən, silisium oksiddən (SiO2) ibarət olub, digər metalların (maqnezium, dəmir, alüminium, kalsium) oksidləri ilə birgə bu "şlakların" ümumi çəkisinin 85-95%-ni təşkil edir. Bu da bizim üçün adi olan daş materialdır. Lakin o heç də hər yerdə adət etdiyimiz kimi bərk deyildir. 60 km-dən artıq dərinliklərdə o, fiziki şəraitdən asılı olaraq ərimiş maye və amorf-plastik şəklində ola bilər. Planetin əsas həcmini təşkil edən Yer təkinin bu yarı-maye-yarısıyıq qaynar kütləsi mantiya adlanır (yun. "mantiya" - "örtük", "bürüncək").

Nüvə, çox güman ki, Yerin mantiyaya ötürülən daxili enerjisinin mənbəyidir. O, digər geosferlərin komponentlərinin "qaynadıldığı" divarsız bu nəhəng qazanı altdan qızdırır. Yüksək sıxlığa malik maddələr mantiyada qalmışdır. Onun sıxlığı yuxarı sərhəddə, 50 km dərinliklərdə 3,3 q/sm3, nüvə ilə sərhəddə isə 2900 km dərinlikdə 5,5 q/sm3 təşkil edir. Nüvədən istilik alan mantiya yuxarılarda 800°C-yə, 2000 km dərinlikdə isə 2250°C-yə qədər qızır.

Yüngül komponentlər (2,6-2,9 q/sm3 sıxlıqlı) yuxarı qalxaraq yer qabığını - insanın müdaxilə edə biləcəyi yeganə ən nazik və həqiqətən bərk geosferi - əmələ gətirdi.

Onun yarıdan çoxu silisium oksiddən, 14-15%-i alüminium oksidindən təşkil olunub (Al2O3). Mantiyanın yuxarı nazik qatı ilə birlikdə yer qabığı, qalınlığı 65 km olan Yerin bərk təbəqəsini - litosferi əmələ gətirib. Bütün planetin ölçülərinə nisbətdə bu qat yumurta qabığından qalın olmayıb, onun həcminin 1,5%-ni (və ya kütləsinin 0,8%) təşkil edir. Biz məhz yeraltı atəşin tüğyan etdiyi bu nazik qabığın üstündə yaşayırıq.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 18 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...