1. Hakimiyyət orqanı və ya vəzifəli şəxs tərəfindən qəbul edilən qanun, hüquqi akt.
Qədim Romada kollegial hakimiyyət orqanlarının, o cümlədən senatın aktları, pretorun məhkəmə işləri üzrə çıxardığı qərarlar, imperatorluq dönəmində isə imperatorun aktları dekret adlanıb. Böyük Fransa inqilabı dövründə Konvent və digər qanunvericilik orqanlarının qəbul etdiyi qərarlara dekret deyilib. Bu termin Rusiyada sovet hakimiyyətinin ilk illərində hökumətin ən mühüm qərarlarına da şamil edilib. Məsələn, “Torpaq haqında dekret”-lə torpaq üzərində xüsusi mülkiyyəti ləğv olunub.
2. Müasir dövrdə dövlət və ya hökumət başçısının parlamentin razılığı tələb olunmadan qəbul etdiyi hüquqi akt.
Bir çox dövlətlərin konstitusiyalarında konkret hallarda (məsələn, fövqəladə vəziyyətdə) qanunu əvəzləyən dekretlərin verilməsi nəzərdə tutulub.