+1 səs
132 baxış
Şəxslər, Tarix bölməsində

Vasilyeviç Lomonosov və coğrafiya

1 cavab var:

0 səs
 

Mixail Vasilyeviç Lomonosov (1711-1765) ölümündən bir qədər əvvəl, 1763-cü ildə uzaqgörənliklə söyləmişdi: "Rusiyanın qüdrəti Sibir və Şimal okeanı üzərində artacaqdır". XVIII yüzilliyin Rusiya “zəkalarının" təbiətdə gördükləri çoxlarına müyəssər olmamışdı. Lomonosov hansı işdən başlayırdısa, öz dövrünü qabaqlayırdı. 

O, naməlum ölkələrə heç bir səyahət etməmişdi. Lakin haqlı olaraq Rusiya coğrafiyasının banilərindən biri hesab edilir. XVIII əsrdə Rusiyada həqiqətən çoxlu Böyük Coğrafi kəşflər həyata keçirilmişdi. Tədqiq edilmiş əraziləri xəritəyə köçürmək üçün 1739-cu ildə Elmlər Akademiyası yanında Coğrafiya departamenti təsis edildi. Departamentin əməyi sayəsində altı ildən sonra "Rusiya Atlası" nəşr edildi. Bu nəinki Rusiya, hətta dünya coğrafiyası tarixində mühüm hadisəyə çevrildi. Lakin atlasda bir çox nöqsanlar mövcud idi. Lomonosov başa düşürdü ki, "Atlas" kartoqrafiyanın yeni nailiyyətləri nəzərə alınmaqla ciddi tədqiqatlar əsasında tərtib edilməlidir. O, hətta 1757-ci ildə xüsusi "Coğrafiya departamentinə təlimat" hazırladı. Təlimat elə dəqiq yazılmışdı ki, 1758-ci ilin əvvəlində departament Lomonosovun nəzarətinə verildi. Alim yeni "Atlas"ın tərtibinin geniş planını hazırladı. O, ilk növbədə, quberniyalara paylanan xüsusi "Coğrafi sorğu" anketini hazırladı. Anket 30 müxtəlif sualdan ibarət idi: çay və göllərin ölçüsü, sahillərinin xüsusiyyəti, gəmiçiliyə yararlığı, dağlar və yüksəkliklər, kənd və şəhərlər, əhalinin məşğulluğu, ticarət və sənaye haqqında suallar hazırlanmışdı. Lomonosov nəhəng ölkənin ilk "coğrafi inventarizasiyasından" çox qiymətli məlumatlar gözləyirdi. Əhali bu işə böyük fəallıqla qoşuldu və iqtisadi-coğrafi əsərlərin yazılmasına xidmət edən çoxlu məlumatlar toplandı. Elmi dövriyyəyə daxil olan "iqtisadi coğrafiya" terminini də, məhz, Lomonosov təklif etdi. 

Alim ekspedisiya marşrutlarındakı müxtəlif məntəqələrin coğrafi koordinatlarının tapılmasını tövsiyə edən bir neçə layihə təklif etdi. Bu barədə ətraflı təlimat "Enlik və uzunluqların təyin edilməsi üçün Rusiyanın lazım olan ərazilərinə geode-zist və astronomların göndərilməsi haqqında rəy"də geniş yazılmışdı. "Əgər işimizi düzgün qursaq, üç ildən sonra, Allahın köməyilə, bütün İmperiyanın iqtisadi və siyasi təsvirini əks etdirən altmış və ya yetmiş xəritədən ibarət təshih edilmiş yeni "Rusiya Atlası"na malik olacağıq" - deyə Lomonosov yazırdı. Alimin şəxsən çəkdiyi coğrafi ekspedisiya marşrutlarının xəritələri bu günə qədər saxlanılmışdı. Təəssüf ki, onun təklifləri nə Akademiyada, nə də hökumət dairələrində öz dəstəyini tapmadı. 

Mixail Vasilyeviç Şimal dəniz yolunun tapılması və mənimsənilməsinin vacibliyini ilk dərk edənlərdən biri idi. Bu yol Şimalın və Sibirin iqtisadiyyatını canlandırar və Rusiyanı böyük dəniz ölkəsinə çevirərdi. Şimal dəniz yolunun mənimsənilməsində Lomonosovun töhfələri Şimal Buzlu okeanda onun adını daşıyan silsilənin müasir xəritələrdə qeyd edilməsi ilə qiymətləndirilmişdi. Lomonosov Arktika körfəzinin mərkəzində dəniz cərəyanlarının istiqamətini dəyişən adalar qrupunun mövcudluğunu güman edirdi. 

M.V.Lomonosov 1760-cı ildə İsveç Elmlər Akademiyasına fəxri üzv seçildikdə, İsveçə minnətdarlıq məktubu ilə yanaşı, "Şimal dənizlərində buz dağlarının mənşəyi haqqında mülahizələr" məqaləsini də göndərmişdi. Məqalədə ilk dəfə qütb buzlarının təsviri və təsnifatı verilmiş, buz dağlarının (aysberqlə-rin) dənizə düşmüş buzlardan yarandığı izah edilmiş və Şimal dənizlərindəki qabarmalar haqqında məlumat verilmişdi. Alim hətta Şimal Buzlu okeanının tədqiq edilməmiş müxtəlif hissələrində buz kütləsini qiymətləndirmək cəhdi etmişdi. Lomonosov Rusiyada ilk dəfə atmosferin yuxarı təbəqələrini öyrənməyə başladı. O, dərk edirdi ki, gələcəkdə müxtəlif cihazlarla havanı qabaqcadan xəbər vermək mümkün olacaq. 

"Yer təbəqələri" elmi əsərində Lomonosov planetin inkişafı prosesində iqlimin dəyişəcəyi haqqında ilk mülahizə yürüdənlərdən biri olmuşdu, iqlimin dəyişməsini o, astronomik səbəblərlə qütb oxunun meyillilik tərəddüdü və Yer orbitinin müstəvisilə izah edirdi. Lomonosov coğrafiya elminin cəmiyyətin həyatındakı rolu haqqında belə deyirdi: "Dənizdə təhlükəsiz üzmək istəyənlərə, müxtəlif ölkələrə səyahət edənlərə coğrafi mövqeyi, dərəcələrarası məsafəni, çayların axınını, qonşu torpaqları, müxtəlif xalqların əxlaqını, adət-ənənəsini bilməkdən yaxşı nə ola bilər? Bunları isə yalnız Coğrafiya aydın əks etdirir".

Oxşar suallar

+2 səs
2 cavab
soruşub 26 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
3 cavab
soruşub 26 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
2 cavab
soruşub 26 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
2 cavab
soruşub 26 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...