+1 👍
376 👀

Ameriqo Vespuççinin həyatı və səyahətləri 

1 Ответ

0 👍
 
Лучший ответ

Ameriqo Vespuççi (1454-1512) Florensiyada anadan olmuş və təqribən 40 il orada yaşamışdır. O, Mediçinin məşhur bankirlərindən birinin şöbəsində qulluqçu olmuşdur. 1499-cu ildən isə, demək olar ki, söhbət tamam başqa bir insandan - öz əsrinin layiqli oğlundan gedir. O yeni torpaqların kəşfi üçün Alonso de Ohedanın ekspedisiyasının təchiz olunmasında iştirak etmiş və böyük ruh yüksəkliyilə gəmi səfərinə çıxmışdır. 1499-cu il mayın 18-də Ohedanın gəmiləri Hadisdən çıxdı və iyunun axırlarında 4 və 6° şimal enliklərində yeni materikə çatdılar və burada bölündülər. Oheda iki gəmi ilə şimal-qərbə doğru hərəkət edərək, Qviana və Venesuela sahilləri ilə Orinoko çayı deltasına qədər getdi, oradan Kolumbun kəşf etdiyi boğaz vasitəsilə Karib dənizinə çıxdı. 

Bununla bərabər Vespuççi iki gəmidə cənub-şərqə doğru hərəkət etdi. Görünür o, hesab edirdi ki, Asiya sahillərin-dədir və cəhd edirdi ki, onun lap ucqar cənub-şərq nöqtəsinə yetişsin, iyulun 2-si ispanlar iki böyük çayın mənsəbini aşkar etdilər: birinin eni 30 km-ə qədər olmaqla, qərbdən axırdı (Amazon), ikincisi isə cənubdan (Para). Okeanda sahildən bir neçə kilometr aralıda da su şirin idi. Burada quruya çıxmaq cəhdləri uğursuz idi: ovalıq sahildəki sıx meşəlik keçilməz maneə idi. Vespuççi cənub-şərqə doğru yolunu davam etdirərkən, təqribən 2° cənub enliyində güclü qarşı axınla rastlaşdı və geri dönməyə məcbur oldu. Karib dənizində Trinidad adaları yaxınlığında Vespuççi Ohedanın gəmilərinə çatdı və sonra onlar birlikdə hərəkət etdilər. 

İspanlar bu yerlərdə dəfələrlə yerli sakinlərin dirəklər üzərində tikililəri olan yaşayış məntəqələrinə rast gəldilər. Bu onlara Venesiyanı xatırladırdı. Buna görə də, körfəzin bu sahilini Venesuela - Kiçik Venesiya adlandırdılar. Sonra Oheda Esponyola (indiki Haiti) döndü, Vespuççi isə sahil boyunca 16 gün cənub-qərbə üzərək 74°30' qərb uzunluğuna çatandan sonra Espanyola istiqamət götürdü. O, 1500-cü ilin iyun ayında İspaniyaya qayıtdı. 

1501-ci ildə Vespuççi portuqaliyalıların yanında işə girərək həmin ilin may ayının 10-da Qonsala Kuelyunun ekspedisiyası tərkibində Braziliya sahillərinə üzdü. Avqustun 17-də gəmilər San-Roke burnu yaxınlığında Braziliya sahillərinə yaxınlaşdılar. Sahil boyunca yenidən kəşf olunmuş yerlərə o dövrdə qəbul olunmuş adətlərə əsasən müqəddəslərin şərəfinə ad verilirdi. Demək olar ki, gəmilər yarım il ərzində cənuba irəlilədi. 1502-ci il yanvarın 1-də dənizçilər çox gözəl Quanabara buxtasına yaxınlaşdılar. Onlar mənsəb kimi qəbul etdikləri çayı Rio-de-Janeyro (Yanvar çayı) adlandırdılar. Fevral ayında qərara alındı ki, ekspedisiya Portuqaliyaya qayıtsın, lakin gəmilər əvvəlcə cənub-şərqə istiqamət götürdülər. Aprelin 3-də okeanda Ameriqo Vespuççinin fikrincə, 52° cənub enliyində adalar qeydə alındı; gəmilər onun yanından ötüb şimal-şərqə istiqamət götürdü və 1502-ci il sentyabrın 6-da Lissabona çatdı. 

Vespuççinin sonrakı səyahətləri barədə məlumat yoxdur. O, 1512-ci ildə vəfat etmişdir.

...