Qeydlər, şərhlər, fotolar, linklər və multimedia elementlərinə malik, mütəmadi olaraq yenilənən onlayn-gündəlik, veb-sayt.
Bloqlar üçün səhifədə əks xronoloji ardıcıllıqla yerləşdirilmiş qısa mətnlər səciyyəvidir. Bloq bir adama və ya qrupa aid ola, yaxud korporativ mahiyyət daşıya bilər. Bloqun adi gündəlikdən əsas fərqi onun ictimai xarakter kəsb etməsindədir. Bloqda hər qeydə şərhlər vermək, onu KİV-də yaymaq, müəlliflə polemika açmaq mümkündür. Bloq termini «weblog» abreviaturasının daha qısa formasıdır. Oksford lüğəti bu terminin ilk dəfə 1999-cu il mayın 23-də amerikalı dizayn mütəxəssisi Peter Merholz tərəfindən öz saytında işlədildiyini göstərir. ABŞ-ın Merriam-Webster lüğəti isə 2004-cü ildə bloq terminini «ilin sözü» elan edib: həmin il bütün dünyada internet-lüğətə ən çox məhz bu anlayışın mənasını bilmək üçün müraciət olunub.