1. Enişi, yoxuşu, çuxuru, təpəsi olmayan, hamar (səth haqqında). □ Düz yer. Düz çöl. Düz meydança.
2. İsim kimi: düzən, çöl, düzəngah, düzənlik. □ Mil düzü. Cıdır düzü.
3. Əyintisi, əyrisi, döngəsi olmayan, düzgün istiqamətdə gedən, uzanan, duran; müstəqim. □ Düz xətt. Düz sıra.
4. Zərf kimi: dik, əyilmədən, sərrast. □ Düz durmaq. Düz oturmaq. Düz yerimək.
5. Zərf kimi: heç bir yana dönmədən; birbaşa. □ Düz getmək. Buradan düz getsən, meydana çıxarsan.
6. Zərf kimi məcazi mənada: sakitcə, dinc. □ Düz dur! Mən sənə məsləhət görürəm ki, öz yolunla düz keçib gedəsən. (“Koroğlu”).
7. Zərf kimi: sərrast, dəqiq, kənara sapmadan, dübbədüz. □ Nişanı düz vurmaq. Düz nişan almaq.
8. Ədat kimi: özündən sonra gələn sözə dəqiqlik verir. □ Mən özüm anadan olmuşam düz otuz il bundan irəli. (C.Məmmədquluzadə).
9. Doğruçu, namuslu, vicdanlı, hiyləsiz. □ Haşım bunları düz və doğru adam bilib bunlarla tanış oldu. (B.Talıblı).
10. İsim kimi: doğruluq, düzlük. □ Bir xəyanət görməyib bizdən; Əgrilik sadir olmayıb düzdən. (S.Ə.Şirvani).
11. Zərf kimi: düzgün, doğru. □ Düz danışmaq. Əyri oturaq, düz danışaq. (Atalar sözü).
12. Təmiz, vicdanlı, doğru, namuslu, sədaqətli. □ Düz adama oxşamır.
13. Modal söz kimi: düzdür şəklində – doğrudur, həqiqətdir.
14. Modal söz kimi: düzdür şəklində – hərçənd, hərçənd ki (bəzən “ki” bağlayıcısı ilə işlənir).