Standartlaşdırılmış protokollardan istifadə edərək geniş informasiya və kommunikasiya xidmətləri göstərən qlobal kompüter şəbəkəsi.
İnternet məlumat mənbəyini və onun istehlakçılarını vahid informasiya məkanında birləşdirir. İnternetdə bütün məlumatlar növündən asılı olmayaraq (mətn, səs, foto, video və s.) rəqəmsal formatda verilir. Bu texnologiya ARPAnet layihəsi çərçivəsində ABŞ Müdafiə Nazirliyində yaradılıb və ilk dəfə 1969-cu ilin oktyabrında iki kompüter şəbəkəsi arasında rabitə seansı keçirilib. Əvvəllər hərbi, inzibati və elmi mərkəzlərdə tətbiq edilən internet tədricən açıq istifadəyə verilib və dünya informasiya mühitində çevriliş yaradıb. Özü ayrıca kütləvi informasiya vasitəsi olan internet digər KİV-in inkişafı üçün də geniş imkanlar açıb, yeni media məhsullarının və strukturlarının formalaşmasına səbəb olub. Azərbaycanda internetin istifadəsinə 1993-cü ildən başlanıb, ilk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılıb.