Sənaye üsulu ilə deyil, ev şəraitində şüşə qabda ibtidai üsulla düzəldilmiş yandırıcı vasitələrə verilmiş ümumi ad.
İfadə II Dünya müharibəsi zamanı SSRİ-nin xarici işlər naziri olmuş V.Molotovun soyadından götürülmüşdür.
Əslində isə həmin yandırıcı mayenin sovet rəhbəri İosif Stalinin yaxın silahdaşlarından biri olmuş Molotovla birbaşa heç bir əlaqəsi yoxdur.
1939-cu ildə faşist Almaniyası Avropada aşkar müharibəyə hazırlaşırdı. Stalin Almaniyanın bu siyasətinə qarşı çıxan Britaniya və Fransanın səmimiyyətinə inanmırdı. Odur ki özünü sığortalamaq üçün nasistlərlə sülh sazişi imzalamaq məqsədilə danışıqlara başladı və Hitlerin yəhudilərə münasibətini bildiyi üçün SSRİ-nin xarici işlər naziri olan milliyyətcə yəhudi Maksim Litvinovu mənşəcə rus Vyaçeslav Molotovla əvəz etdi.
Molotov almanlarla sülh danışıqlarını uğurla apardı. Almanlarla razılaşmadan sonra SSRİ çoxsaylı hiylələrlə Polşa və Baltikyanı dövlətlərin hesabına Qərbə doğru ərazilərini genişləndirdi. 1940-cı ilin martında isə Finlandiyaya hücum edərək həmin ölkənin ərazilərini işğal etdi. Bu müharibə zamanı SSRİ-nin göydən yağdırdığı bombaların şəhərləri viran qoyması barədə Qərb mətbuatının yazdıqlarını Molotov təkzib etməyə çalışırdı. Onun bəyanatlarında göstərilirdi ki, təyyarələrdən atılan bomba deyil, yerli əhali üçün humanitar yardımdır.
Həmin müharibənin gedişində finlər içinə ağ neft doldurulmuş şərab şüşəsindən ibarət əldəqayırma silah icad etmişdilər. Qapağın üzərindəki dəlikdən keçirilmiş bikford fitili vasitəsilə həmin maddə alışdırılırdı. Şüşə tanka dəyəndə sınır, yanan ağ neft isə zirehin üzərinə dağılır, bəzən tankı sıradan çıxara bilirdi. Həmin silah işğalçı SSRİ-yə münasibəti ifadə etmək üçün istehza ilə «Molotov kokteyli» adlandırıldı.
O vaxtdan bu tankəleyhinə sadə silahdan dəfələrlə, hətta Amerika şəhərlərindəki qarşıdurmalar zamanı istifadə olunub. Molotov Stalinin ölümündən üç il sonra – 1956-cı ildə tutduğu yüksək vəzifəni itirməsinə baxmayaraq «Molotov kokteyli» ifadəsi bütün dünyada geniş yayıldı.