Xristianlıqda (əsasən, katolisizm və pravoslavlıqda) Bibliya, yaxud kilsə tarixindəki şəxs və hadisələrin əks olunduğu müqəddəs təsvir.
Katolisizmdə heykəltəraşlıq təsvirləri, pravoslavlıqda isə ağac üzərində təsvirlər daha geniş yayılıb. Xristianlığın ilkin dönəmlərində ikonalar olmayıb, onlar təqribən II əsrdən etibarən yaradılmağa başlayıb. Bir çox kilsə xadimləri və dini qruplar ikonaları bütpərəstlik əlaməti hesab edərək belə təsvirlərə qarşı çıxıblar. Həqiqətən, bəzi hallarda ikona kultu faktik olaraq bütpərəstliyə çevrilib. Bununla belə, katolik və pravoslav kilsələri ikonaların müxtəlif magik xüsusiyyətlərə malik olduqlarını iddia edirlər.