ABŞ-ın Wikimedia qeyri-kommersiya təşkilatına məxsus sayt amerikalı mütəxəssislər Cimmi Ueyls və Lari Senger tərəfindən wiki texnologiyası əsasında yaradılıb, 2001-ci ilin yanvarında ingilis dilində fəaliyyətə başlayıb. 2015-ci ilin sonunda artıq ensiklopediyada 300-ə yaxın dildə 37 milyondan çox məqalə toplanıb, unikal istifadəçilərin sayı ayda yarım milyardı ötüb. Vikipediya internetdə ən populyar saytlardan biri, bəşər tarixində ən zəngin ensiklopediyadır. Onun əsas xüsusiyyəti istənilən istifadəçinin buradakı məqalələrdə (bəzi istisnalarla) dəyişiklik edə, yaxud öz kontentini yarada bilməsindədir. Yeniliklər dərhal saytda görünür. Bu, vikipediyanı qeyri-elmilikdə, qeyri-dəqiqlikdə tənqidlər üçün əsas yaradır. Lakin 2005-ci ildə təsadüfi üsulla seçilmiş 42 məqalənin təhlili göstərib ki, dəqiqliyinə görə onlar məşhur Britannica ensiklopediyasının məqalələrinə yaxındır. Vikipediyanın Azərbaycan bölməsi 2004-cü ilin yanvarından fəaliyyətdədir. 2015-ci ilin sonunda bölmədəki məqalələrin sayı 101.700-ə yaxın olub.