+3 səs
120 baxış
Biznes, Maliyyə bölməsində

Tədiyə balansı nədir?

1 cavab var:

+2 səs
 
Tədiyə balansı ölkə rezidentlərinin dövr ərzində qeyri-rezidentlərlə apardığı xarici iqtisadi əməliyyatlar (beynəlxalq iqtisadi əlaqələr) üzrə valyuta daxilolmaları və xaricolmaları arasında balansı əks etdirən statistik uçot sistemidir. Tədiyə balansının vəziyyəti, yəni, müsbət və ya mənfi saldoya malik olması makroiqtisadi siyasətə dair qərarların qəbul olunmasında mühüm informasiya mənbəyidir.

Tədiyə balansı ibarətdir:

Cari əməliyyatlar balansından;
Kapital və maliyyə hesabından;
Ehtiyat aktivlərinin dəyişimindən.
Cari əməliyyatlar balansına aiddir: ölkənin xarici ticarəti (malların idxalı və ixracı), əldə edilmiş və göstərilmiş beynəlxalq xidmətlər (nəqliyyat, sığorta, rabitə, turizm, tikinti və s.), əldə edilmiş və ödənilmiş ilkin (faktor) gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (fiziki şəxslərin pul baratları, humanitar yardımlar və s.).

İdxal – xaricdən ölkəyə gətirilən malların ümumi dəyəridir. İxrac – ölkə ərazisindən satılmaq üçün xaricə çıxarılan malların ümumi dəyəridir. İxrac və idxal arasındakı fərqə xarici ticarət saldosu deyilir.
Xidmətlər balansı nəqliyyat, sığorta, rabitə, beynəlxalq turizm, maliyyə, tikinti, elmi-texniki və istehsal təcrübəsinin mübadiləsi və s. xidmət növləri üzrə ölkənin valyuta gəlirləri və ödənişləri arasındakı nisbəti müəyyən edir.
İlkin gəlirlərə xaricdə işləyən ölkə rezidentlərinin və ölkədə işləyən xarici rezidentlərin qazancları (əmək haqları və s.), habelə yerli rezidentlərin xaricdə və xarici rezidentlərin ölkədəqoyduğu kapitala görə əldə etdiyi gəlirlər aiddir.
Təkrar gəlirlərə qeyri rezedentlərdən alınan və onlara ödənilən humanitar yardımlar, o cümlədən xarici dövlətlərin rəsmi orqanlarından alınan əvəzsiz maliyyə yardımları, beynəlxalq təşkilatlara üzvlük haqları, texniki yardımlar, alimentlər və s. daxildir.
Kapital və maliyyə hesabı - əsasən ölkəyə müxtəlif formalarda daxil olan və ölkədən müxtəlif formalarda çıxan kapital və maliyyə vəsaitinin hərəkətini əks etdirir. Bu, birbaşa və portfel investisiyaları, kreditlər, depozitlər və nağd valyuta, habelə digər formalarda ola bilər.

Birbaşa investisiyalar –uzun müddətə yerləşdirilən və onların fəaliyyəti üzərində müəyyən nəzarəti təmin edən sərmayələrdir. Beynəlxalq meyarlara görə səhmlərin 10%-i xarici sərmayədara məxsus olan müəssisə birbaşa investisiyaların obyekti sayılır.
Portfel investisiyaları –qiymətli kağızlarda yerləşdirilən və sərmayədara investisiya obyekti üzərində birbaşa nəzarəti təmin etməyən sərmayədir. Burada səhmlər və müxtəlif borc öhdəlikli qiymətli kağızlar investisiya obyekti kimi çıxış edə bilər.
Digər investisiyalar – qısamüddətli və uzunmüddətli ticarət kreditləri və avanslar, kreditlər, depozitlər, nağd valyuta eləcə də digər aktivlər və borc öhdəliklərindən ibarətdir
Ehtiyat aktivlərinin dəyişimi – Cari əməliyyatlar həmçinin Kapital və maliyyə hesabında uçota alınmış əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə (örtülmürsə), onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə (örtülə) bilər.

Balanslaşdırıcı maddələr –Hər bir əməliyyatın kredit (daxilolmalar) və debet (ödənişlər) tərəfi olduğundan, balansın yekununda ikili yazılış qaydası üzrə məcmu kredit əməliyyatlarının yekun həcmi məcmu debet əməliyyatlarının yekun həcminə bərabər olmalıdır. Praktikada isə heç bir ölkənin tədiyə balansının tərtibatında buna nail olmaq mümkün olmur. Xüsusilə,ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.). Nəticədə yaranan fərqlər cəmi yekunda balanslaşdırıcı maddələr rolunu oynayır.

Oxşar suallar

–1 səs
0 cavab
soruşub 16 Yanvarda, 21 anonim
0 səs
0 cavab
+1 səs
4 cavab
soruşub 10 Mayda anonim Biznes, Maliyyə bölməsində
+1 səs
2 cavab
soruşub 05 Oktyabrda, 21 anonim Biznes, Maliyyə bölməsində
+2 səs
1 cavab
soruşub 23 Sentyabrda, 21 anonim Biznes, Maliyyə bölməsində
...