Yaranma səbəblərinə görə inflyasiyanı iki qrupda təsnifləşdirmək olar: tələb inflyasiyası və təklif inflyasiyası. Tələb inflyasiyası əmtəə və xidmətlərə tələbin izafi artımı nəticəsində pul kütləsinin çoxalmasından irəli gəlir. Yəni, dövriyyədəki pulun miqdarı təklif olunan malların miqdarı ilə müqayisədə daha yüksək templə artdıqda tələb inflyasiyası baş verir. Pul kütləsinin kəskin artımı dövlət büdcəsi xərclərinin sürətlə çoxalması ilə bağlı tələbin genişlənməsindən, xarici ticarət balansında iri həcmli müsbət saldonun əmələ gəlməsi ilə bağlı daxili iqtisadiyyata xarici pul daxilolmalarından, ölkəyə iri həcmli kapital axınlarından, mərkəzi bank tərəfindən yumşaq pul siyasətinin yeridilməsi nəticəsində iqtisadiyyatda pula tələbin artmasından qaynaqlana bilər. Təklif inflyasiyası istehsal xərclərinin artması və ya təklifin azalması ilə əlaqədar olaraq meydana gəlir. Məsələn, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi nəticəsində istehsal xərcləri yüksəlir ki, bu da son nəticədə qiymətlərin artmasına gətirib çıxarır.