Dildə olan bütün sözlərin məcmusu; dilin lüğət tərkibi.
Dilin lüğət tərkibinin zənginləşməsində bədii ədəbiyyatın böyük rolu var. Yazıçılar ümumxalq dilindən ən parlaq ifadəli vasitələr seçir, bir çox sözlərin mənasını genişləndirir, dilin daxili imkanları hesabına neologizmlər yaradırlar. Bəzən onların işlətdiyi məcazlar frazeoloji ifadə kimi dildə sabitləşir, müstəqil leksik vahidə çevrilir. Eyni zamanda bədii ədəbiyyat tarixi dilçilik, xüsusilə leksikologiya üçün əvəzolunmaz mənbə rolunu oynayır. Yazıçının üslubu nə qədər fərdi olsa da, o, həmişə müəyyən tarixi dövrün ədəbi dil normalarını əks etdirir. Leksika müəyyən kateqoriyalara bölünür: arxaizmlər, dialektizmlər, jarqon, varvarizmlər və s. Elmi, rəsmi, publisistik üslublardan fərqli olaraq bədii üslubda işlənə bilməyəcək heç bir dil faktı yoxdur.