Cəmiyyətin həyatında şəhərlərin əhəmiyyətinin artması, ictimai-iqtisadi inkişafla əlaqədar əhalinin şəhərlərə axını prosesi.
Urbanizasiya əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini, məskunlaşmasını, digər sahələri əhatə edir. Dünya şəhərlərində yaşayan əhalinin sayı XIX əsrin əvvəlinə 29 mln., 1900-cü ildə 224 mln., 1950-ci ildə 706 mln, 1980-ci ildə 1 mlrd. 809 mln. nəfər olub. Urbanizasiyanın ən bariz göstəricisi sənayeləşmədir. Şəhər əhalisinin sənayenin tempinə, iş yerlərinin sayına uyğun olmayaraq sürətlə artması yalançı urbanizasiya adlanır. Yalançı urbanizasiya, əsasən, İEOÖ-lər üçün xarakterikdir. Bu tip ölkələrdə iqtisadi çətinliklərlə üzləşən kənd əhalisi kütləvi şəkildə şəhərə köçür və şəhər əhalisinin sayı süni olaraq artır. İEÖ-lər üçünsə suburbanizasiya prosesi xarakterikdir. Suburbanizasiya – şəhər əhalisinin şəhərin daha sakit ətraf hissələrinə köçməsidir.