Birinci Dünya müharibəsində Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi. Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız qoşunlarını əzmək, həm də onu Rusiya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu.