Seçkili ali qanunverici orqan.
Adətən, Parlament ölkənin müxtəlif sosial-siyasi qüvvələrinin nümayəndəlik funksiyasını həyata keçirir. Bu qurum XIII əsrdə İngiltərədə silki nümayəndəlik orqanı kimi yaranıb, lakin yalnız XVII–XVIII əsrlər burjua inqilablarından sonra real hakimiyyət strukturuna çevrilib. Qanunların və dövlət büdcəsinin qəbulu, beynəlxalq müqavilələrin təsdiqi, konstitusiya nəzarəti orqanlarına təyinatlar Parlament tərəfindən həyata keçirilir. Parlamentarizmin mövcud olduğu ölkələrdə o, eyni zamanda həm də hökuməti formalaşdırır və icra hakimiyyətinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirir. Bəzi dövlətlərdə (məs.: Almaniya, İtaliya) prezidenti də Parlament seçir. Parlament bir və ya ikipalatalı olur, müxtəlif ölkələrdə fərqli adlar daşıya bilir; məs.: ABŞ-da Parlament konqres, Norveçdə stortinq, Azərbaycanda Milli Məclis.