Ali dövlət hakimiyyətinin bütövlükdə və ya qismən bir nəfərin – monarxın əlində cəmləndiyi idarəçilik forması.
Monarxiya dövlət və hüquq tarixində respublika ilə yanaşı, ən geniş yayılmış idarəçilik formalarından biridir. O, çevikliyi və şəraitə uyğunlaşma qabiliyyəti ilə seçilir. Məhz bu keyfiyyətlərinə görə hələ qədim dövrlərdən mövcud olan monarxiya hətta ən demokratik dəyişikliklərə uğramış dövlətlərdə belə indiyədək qala bilib. Müasir dünyada monarxiyanın iki əsas tipi var: mütləq və konstitusiyalı monarxiya Mütləq monarxiyada bütün hakimiyyət (icraedici, qanunverici və məhkəmə) monarxın əlində cəmlənir; məs.: Səudiyyə Ərəbistanı, Bruney, Vatikan, Oman və bir neçə ərəb ölkəsində mütləq monarxiya hökm sürür. Böyük Britaniya, Niderland, Belçika, İsveç, Danimarka kimi Avropa dövlətləri, habelə Yaponiya, Malayziya, Tailand və s. ölkələr isə konstitusiyalı monarxiyaya misal ola bilər. Konstitusiyalı monarxiyaların tam əksəriyyətində monarxın hakimiyyəti simvolik xarakter daşıyır və o, faktik olaraq idarəçilik səlahiyyətlərinə malik deyil.