31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. SSRİ-nin süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik Günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.