Müsəlman ölkələrində hökmdar və sərkərdələrə verilən titul.
Ərəb xilafətində ilk xəlifələr və Əməvilər (661–750) dövründə orduya komandanlıq edən sərkərdələr Əmir adlanıb. Sonuncular, adətən, fəth edilmiş vilayətlərə canişin təyin olunublar. Xəlifə Ömərdən (634–644) başlayaraq hökmdarlar “Əmir-əl-möminin” (möminlərin hökmdarı) titulu daşımağa başlayıblar (lakin şiələr yalnız Əli ibn Əbu Talibi “Əmir-əl-möminin” kimi tanıyırlar). Əmir-əl-möminin bütün dini və dünyəvi hakimiyyətə malik olub. Sonralar müsəlman Şərqində yaranmış bir çox dövlətlərin hökmdarları Əmir titulu daşıyıblar. Müasir dövrdə yalnız Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə daxil olan əmirliklərin rəhbərləri bu titula malikdirlər.