Litosferin yuxarı hissəsini, atmosferin aşağı qatını, bütün hidrosferi və biosferi əhatə edən təbəqə.
Coğrafi təbəqə başqa təbəqələrdən tərkibinin, quruluşunun çox mürəkkəb və müxtəlif olması ilə fərqlənir. Coğrafi təbəqəni əmələ gətirən komponentlər arasında sıx rabitə, qarşılıqlı asılılıq və təsir mövcuddur – onlar vəhdət təşkil edir. Coğrafi təbəqədə proseslər həm kosmik (günəş enerjisi), həm də Yerin daxili enerjisi hesabına baş verir. Təbəqənin qalınlığı barədə elmi mənbələrdə müxtəlif rəqəmlər göstərilir – 40 km-dən 100 km-dək. Coğrafi təbəqənin unikallığı ondadır ki, Yerdə həyat məhz bu təbəqədə yaranıb və inkişaf edib.