Mineral suların mənşəyini, fiziki-kimyəvi xassələrini, orqanizmə təsirini və tibbi məqsədlərlə istifadə üsullarını öyrənən elm.
Balneologiyanın tərkibinə balneoterapiya (mineral suların müalicəvi məqsədlərlə istifadəsi), balneotexnika (mineral su mənbələrinin istismarı və müdafiəsi), balneoqrafiya (mineral su mənbələrinin təsviri) daxildir. Hələ e.ə. V əsrdə yunan alimi Herodot mineral suların insan orqanizminə təsiri haqqında məlumat verib, e.ə. V–IV əsrlərdə yunan həkimi Hippokrat çay və duzlu dəniz sularının müalicəvi əhəmiyyətini qeyd edib. Mineral suların ilk təsnifatını I əsrdə romalı həkim Arxigen verib. Bir elm kimi Balneologiyanın əsasını isə XVII–XVIII əsrlərdə mineral suların tərkibini müəyyənləşdirmiş və onlardan istifadə üsullarını araşdırmış alman alimi Frans Hofman qoyub.