Allahın və hər cür fövqəltəbii qüvvələrin, eləcə də onların təzahürlərinin (ruhların, axirət dünyasının, qeyri-maddi varlıqların və s.) mövcudluğunu inkar edən elmi-fəlsəfi baxışlar sistemi.
Ateizm anlayışı müxtəlif dövrlərdə fərqli mənalar kəsb edib. Qədim dövrlərdə xalqların etiqad etdiyi ilahların inkar edilməsi ateizm sayılıb. Orta əsrlərdə xristianlar çox vaxt bütpərəstləri ateist adlandırıblar. XIX əsrin əvvəlində isə mürtəce kilsə xadimləri dinə münasibətdə bəzi tənqidi fikirlərinə görə hətta Hegel və Kantı ateist elan ediblər. Lakin dinin ayrı-ayrı məqamlarının tənqidi ilə ateizm arasında böyük fərq var. Belə ki, nəzəri əsasını materialist dünyagörüşü təşkil edən ateizm bütövlükdə dini təsəvvürlərin və Allahın mövcudluğunun inkarına əsaslanır. Ateizmin rüşeymləri qədim dövrlərdə Babilistanda, Misirdə, Çində və Hindistanda yaranıb. Qədim yunan mütəfəkkirləri Demokrit və Epikürün fəlsəfəsində bəzi ateist fikirlərə rast gəlmək olar.