Qədim Afinada ali siyasi və məhkəmə orqanı.
Yığıncaqları Akropol yaxınlığındakı Ares təpəsində keçirildiyindən belə adlandırılıb. Areopaq qəbilə-tayfa quruluşu dövründə ağsaqqallar şurası kimi meydana çıxıb. Sonralar quldar aristokratiyanın və oliqarxiyanın ömürlük seçilən nümayəndələrindən ibarət olan areopaq geniş siyasi, məhkəmə, dini hakimiyyətə və nəzarət funksiyalarına malik olub. Quldar demokratiyanın inkişafı ilə əlaqədar areopaqın səlahiyyətləri tədricən məhdudlaşdırılıb. Efialtın islahatlarından (e.ə. 462-ci il) sonra isə areopaq siyasi hakimiyyətini itirərək yalnız qanunlara nəzarət hüququnu, eləcə də bəzi mülki və dini cinayətlər üzrə məhkəmə funksiyasını saxlayıb. Bununla belə, antik Afinanın süqutuna kimi areopaq mühüm hakimiyyət və məhkəmə orqanlarından biri olaraq qalıb.