Nitqin ekspressivliyini artırmaq məqsədilə hər hansı məşhur ifadənin bir qədər dəyişdirilmiş formada işlədilməsi.
Aplikasiya zamanı hər hansı frazeoloji birləşmə, məsəl, atalar sözü və ya aforizmin məzmunca dəyişməsi başqa məna çaları yaradır. Lakin yeni ifadənin orijinalla bağlılığı aydın görünür. M.Qorkiyə aid edilən “Sürünmək üçün yarananlar uça bilməzlər” aforizminin rumın yazıçısı V.Butulesku tərəfindən “Sürünmək üçün yarananlar heç vaxt büdrəməzlər” şəklində işlədilməsi aplikasiyaya misal ola bilər. Apliksiyaya bədii və publisistik mətnlərdə, eləcə də şifahi nitqdə rast gəlmək mümkündür. Məsələn, “Allahın şəriki yoxdur” cümləsinə “... şərikin də Allahı” ifadəsinin artırılması apliksiya sayıla bilər.