Protokol diplomatiya qədər qədimdir. Protokol (yunan sözü «protokollon»dandır; «protos» - birinci, ilkin, «kolla» yapışdırmaq, bərkitmək). Orta əsrlərdə rəsmi sənədlərin tərtibi qaydasına və arxiv işinin aparılmasına deyilirdi. Diplomatik sözlüklərdə verilmiş açıqlamalarda diplomatik Protokol beynəlxalq ünsiyyətdə olan dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri (Xarici işlər idarəsi), diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən beynəlxalq təcrübədə qəbul olunmuş, icrası zəruri sayılan qaydaların, ənənələrin və şərtlərin toplusu kimi səciyyələndirilir. Protokol heç bir dövlətin özünəməxsus adətlərini, mərasimlərini, milli ənənələrini inkar etmir, əksinə onların dinamik inkişafında və zənginləşməsində Protokol rolu inkaredilməzdir. Müasir beynəlxalq hüquq normaları baxımından Protokol və mərasimlər birbaşa hər bir dövlətin suverenliyinin prinsiplərini əks etdirir.