İntervensiya (lat. interventio - qarışmaq, müdaxilə etmək). Hərbi qüvvələrdən istifadə etməklə güc işlətməyin bir növü; bir və ya bir neçə dövlətin digər dövlətin işlərinə qarışmaqla, ərazisinə (Dövlətin ərazisi) silahlı basqın etməsində və ya hər hansı digər hərəkət formasında özünü göstərir.
İntervensiya fərdi və ya kollektiv formalarda təzahür edir. Həyata keçirilmə formasından asılı olaraq, i hərbi, iqtisadi, siyasi və s. ola bilər, işğalçı müharibənin eyni olan i. beynəlxalq hüquq baxımından beynəlxalq sülhə qarşı ən ağır cinayət, güc işlətməyin ən təhlükəli formalarından biri sayılır.
Dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi və intervensiya nın yolverilməzliyi bir sıra beynəlxalq-hüquqi sənədlərdə, habelə BMT Nizamnaməsində, 1965 il Dövlətlərin daxili işlərinə qarışmanın, onların müstəqilliyini və suverenliyini məhdudlaşdırmanın yolverilməzliyinə dair BMT Bəyannaməsində (Bəyannamə), Təcavüzün müəyyənləşdirilməsinə dair 1974 il aktında, Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin Yekun aktında (Yekun aktı) və eləcə də Intervensiyanın və dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyinə dair 1981 il Bəyannaməsində təsbit olunmuşdur.