Dara düşmüş, imdad diləyən adamların harayına yetən, insanları fəlakətdən, çətinlik və sıxıntıdan qurtarıb xoşbəxt edən xəyali xilaskar qəhrəman.
İfadə xalq arasında yayılmış mifik təsəvvürlərdən qaynaqlanmışdır.
Göründüyü kimi, ifadədə əsas vurğu «ağ at» obrazının üzərindədir. Ümumiyyətlə, dünyanın bir çox xalqlarında olduğu kimi, Azərbaycan folklorunda da ən çox yayılmış obrazlardan biri olan at Günəşin Yer üzündəki rəmzi hesab olunur. «Avesta»da Günəşin ata minib cövlan etməsindən bəhs edilir, günün şüaları at yalının saçaqlarına bənzədilir.
Günəş atı Azərbaycan folklorunda da ağ at kimi təqdim olunur. Ağ at (və ya ağ-boz at) kultu bir sıra türkdilli xalqlarda geniş yayılmışdır. Qədim dövrlərdə ağ atın Günəşə qurban kəsilməsi bir adət olmuşdur. E.ə. V əsrdə Herodot yazırdı ki, skiflər «yalnız günəş allahına etiqad edir və ona at qurban kəsirlər. Bu qurbanlığın mənası belədir: ən cəld olan allaha ən cəld canlı qurban verilir».
Günəşin təmsilçisi ağ at «böyük, müqəddəs at» deməkdir. Qədim türk dillərində «ağ» sözü həm həqiqi, həm də məcazi mənada «böyük, müqəddəs» mənasına malik olmuşdur. Daha qədimlərdə bütün rəng adları əvvəl bu mənalarda işlədilmişdir. «Ağ» sözündəki bu mənanı ağ yazı, ağ qaya, ağ çeşmə, ağ çöl, ağ div, ağ keşiş, ağa və bu kimi vahidlərin tərkibində görmək mümkündür. Eyni məna «ağ-boz at» tərkibində də müşahidə edilir.