Beynəlxalq hüququn hamılıqla tanınan prinsipi; dövlətlərin suverenliyinə və suveren bərabərliyinə dair BMT Nizamnaməsində təsbit olunmuş prinsipdən irəli gəlir. Dövlətlərin suveren bərabərliyi və müstəqilliyi onların barəsində hər hansı dövlətə öz hakimiyyətini diqtə etməyə yol vermir. Dövlətin xarici yurisdiksiya toxunulmazlığı prinsipi həm xarici dövlətə, həm də onun əmlakına şamil edilir. Xarici dövlət, onun öz razılığı olduğu hallardan başqa, cavabdeh qismində digər dövlətin məhkəməsinə cəlb edilə bilməz.
Xarici dövlət iddiaçı ola bilər. Lakin xarici dövlətə - iddiaçıya onun razılığı olmadan müqabil iddia irəli sürülə bilməz. Dövlətin xarici yurisdiksiya toxunulmazlığı o deməkdir ki, xarici dövlətin əmlakı iddianın təmin edilməsi və ya xarici məhkəmə qərarının məcburi yerinə yetirilməsi qaydasında heç bir zorakı tədbirlərə (həbs, zəbt) məruz qala bilməz. Bu cür tədbirlər yalnız əmlak sahibi olan dövlətin razılığı ilə həyata keçirilə bilər. Dövlətin xarici yurisdiksiya toxunulmazlığı onun xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri, ticarət gəmiləri və s. dövlət strukturları da bəhrələnirlər.