Sikkələrin zərbi, habelə sikkələr, pul külçələri və digər abidələr (məs.: sikkə möhürləri, sənədləri) əsasında pul dövriyyəsinin tarixini öyrənən köməkçi tarix fənni.
Numizmatika elm kimi XVI əsrdə meydana gəlib. Numizmatikaya ənənəvi olaraq kağız pul nişanlarının (bonistika), medal və jetonların (medalyer sənəti), eləcə də orden və döş nişanlarının (faleristika) tarixini öyrənən sahələr də daxil edilir. Lakin Numizmatikanı sikkələrdən kolleksiya toplanması kimi bir məşğuliyyət növü ilə eyniləşdirmək olmaz, çünki kolleksiyaçını yalnız sikkənin nadirliyi və bədii dəyəri, numizmatı isə onun elmi əhəmiyyəti maraqlandırır.