Müəyyən siyasi müstəqilliyə malik bir neçə ərazinin vahid dövlətdə birləşməsinə federasiya (lat. “foederatio” - ittifaq, birlik) deyilir. Dövlət quruluşunun belə formasında ali hakimiyyət orqanlarının iki səviyyəsi olur - ümumfederal (federal) və federasiya subyektlərinin müvafiq orqanları. Məsələn, ABŞ-da ştatların, Almaniyada torpaqların, Kanadada əyalətlərin, Rusiyada respublikaların, vilayətlərin və s.
Bu qəbildən olan siyasi birliklər müxtəlif yollarla və müxtəlif vəziyyətlərdə təşəkkül tapmışdır. Mərkəzi Avropada onlar feodal knyazlıqların və krallıqların birləşməsindən meydana gəlmişlər.
Şimali Amerikada və Avstraliyada federativ quruluş yeni ərazilərin məskunlaşması və mənimsənilməsinin gedişini əks etdirir. Yeni inzibati-ərazi vahidlərinin yaradılması meyarı kimi isə əhali sayı əsas götürülür. Məsələn, ABŞ-ın bir çox ştatlarında inzibati vahid və yerli özünüidarə orqanı yaratmağa imkan verən minimal hədd 500 sakindir. Bu əhalinin keçmişdə aşağı sıxlığım, xüsusilə, mənimsənilməmiş və az mənimsənilmiş torpaqlar üzrə “dövlətlər” (ştatlar) arasında asan keçirilmiş düzxətli sərhədləri əks etdirir.
Latın Amerikasında, Asiyada və Afrikada, həm müstəmləkələşməyə qədər və müstəmləkə keçmişindən qalan, həm də dünyanın bu regionlarının müstəqillik qazanmasından sonra yaranan dövlətlər müxtəlif olduğundan sərhədlər, federasiyalar çox mürəkkəb quruluşdadır. Məsələn, Braziliya ştatlarının böyük ölçüləri Amazon ovalığının çətin keçilməsi və zəif məskunlaşmasını əks etdirir. Bu zaman Venesuelanı təşkil edən kiçik “dövlətlər”, uzun illər hakimiyyət uğrunda, hətta xırda adalarda belə siyasi mübarizə gedən, sıx məskunlaşmış sahilboyunda yerləşmişdir.
50 ştat və Kolumbiya federal dairəsinin daxil olduğu ABŞ klassik federasiyadır. Sakinlər federal qanunlara tabe olduqları kimi, öz ştatlarının da qanunlarına tabe olmalıdırlar, nəzərə alınmalıdır ki, yerli qanunlar ancaq verilmiş ştat ərazisində fəaliyyət göstərir.
47 ştatın ərazisi, öz növbəsində, 17 min taunşipə (şəhər məskənləri) və 18 mindən çox bələdiyyəyə (kənd dairəsi) bölünən 3 min qraflığa parçalanır. Sakinlər yerli vergilərin miqdarını təyin edən seçkili sovetlər yarada bilərlər. Yığılan pullara ictimai binaları, kommunikasiyaları təmir edir və ya tikir, müavinət verir, polisi, xəstəxananı, məktəbi təmin edir və bir çox başqa işlər görürlər. Bununla yanaşı, ümumi federal büdcədən ayrılan vəsait hesabına səhiyyəni, avtomobil yollarını, tikintini, yanğınsöndürmə xidmətini, təhsili, təbii ehtiyatların mühafizəsinin idarə olunmasını və digər xidmətlər həyata keçirən xüsusi inzibati dairələr fəaliyyət göstərir.